Təhlükəsizlik

WordPress saytınızı necə yeniləməli və qorumalı

Sındırılan WordPress saytlarının çoxu köhnə plaginlər və zəif parollar ucbatından sındırılır. Yeniləmələri təhlükəsiz etmək və saytı qorumaq üçün sadə qaydalar.

2 dəq oxuma
WordPress saytınızı necə yeniləməli və qorumalı

WordPress dünyada ən çox istifadə olunan sayt sistemidir. Elə buna görə də hücumçuların ən çox hədəf aldığı sistemdir. Yaxşı xəbər budur ki, sındırılan saytların böyük əksəriyyəti eyni səhvlərə görə sındırılır və bunların qarşısını almaq çətin deyil.

Niyə yeniləmək vacibdir?

WordPress-in özü, mövzular (theme) və plaginlər mütəmadi yenilənir. Yeniləmələrin bir hissəsi yeni imkanlar gətirir, mühüm hissəsi isə aşkar edilmiş təhlükəsizlik boşluqlarını bağlayır. Boşluq ictimaiyyətə məlum olandan sonra avtomatik skriptlər internetdəki köhnə versiyalı saytları axtarıb tapır. Yenilənməyən sayt bir neçə gün ərzində hədəfə çevrilə bilər.

Təhlükəsiz yeniləmə: addım-addım

  1. Əvvəlcə ehtiyat nüsxə. Yeniləmədən əvvəl faylların və verilənlər bazasının təzə nüsxəsi olduğuna əmin olun.
  2. Bir-bir yeniləyin. Bütün plaginləri birdən yox, bir-bir yeniləyin. Problem çıxsa, səbəbin hansı plagin olduğu dərhal bilinəcək.
  3. Yeniləmədən sonra yoxlayın. Ana səhifəni, formaları, səbəti və ödənişi (varsa) yoxlayın.
  4. Böyük versiyalarda ehtiyatlı olun. WordPress-in və ya əsas plaginin böyük versiya dəyişikliyində bir neçə gün gözləyib digər istifadəçilərin rəylərinə baxmaq məntiqlidir — kiçik təhlükəsizlik yeniləmələrini isə ləngitməyin.

Plaginlər: az olsun, etibarlı olsun

  • İstifadə etmədiyiniz plaginləri və mövzuları söndürməklə kifayətlənməyin, silin — söndürülmüş plaginin faylları serverdə qalır və boşluq yenə istifadə oluna bilər.
  • Uzun müddətdir yenilənməyən, müəllifi tərəfindən atılmış plaginləri alternativlə əvəz edin.
  • Pullu plaginləri və mövzuları heç vaxt «pulsuz versiya» paylaşan saytlardan yükləməyin: bu faylların içində tez-tez zərərli kod olur.

Giriş təhlükəsizliyi

  • «admin» istifadəçi adından imtina edin və hər istifadəçiyə ayrıca hesab verin.
  • Güclü, unikal parol istifadə edin və parol menecerində saxlayın.
  • İki addımlı təsdiqi (2FA) qoşun — parol oğurlansa belə hesab qorunur.
  • Əməkdaşlara yalnız lazım olan hüquqları verin: məqalə yazan əməkdaşın administrator olmasına ehtiyac yoxdur.
  • Giriş cəhdlərini məhdudlaşdırın ki, parolu təxmin etməyə çalışan botlar bloklansın.

Server tərəfi

  • PHP-nin aktual versiyası. Köhnə PHP versiyaları təhlükəsizlik yeniləməsi almır və saytı yavaşladır.
  • HTTPS. Bütün səhifələr SSL ilə açılmalıdır.
  • Gündəlik ehtiyat nüsxə — saytdan ayrı yerdə saxlanılan. Ətraflı: 3-2-1 qaydası.
  • Zərərli kod yoxlaması. Fayllar mütəmadi skan edilməli, şübhəli dəyişikliklər tez aşkarlanmalıdır.

Bizdə nələr hazırdır

WordPress hostinq planlarımızda gündəlik avtomatik ehtiyat nüsxə, pulsuz SSL və Cloudflare qoruması var, hostinqdəki saytlar isə ImunifyAV+ ilə zərərli kodlara qarşı yoxlanılır. Yeniləmələri və yoxlamaları özünüz etməyə vaxtınız yoxdursa, texniki dəstək paketlərimizdən birini seçin — bu işləri biz görək.

Faydalı oldu? Paylaşın:

Yeni məqalələri e-poçtla alın

Ayda bir-iki məktub: sayt, hostinq və təhlükəsizlik üzrə praktik tövsiyələr. İstənilən an bir kliklə abunədən çıxa bilərsiniz.