İnternetdəki saytların xeyli hissəsi Cloudflare xidmətindən istifadə edir. Bəs bu xidmət tam olaraq nə edir və kiçik bir şirkət saytı üçün nə dərəcədə faydalıdır? Qısa cavab: sürət, təhlükəsizlik və etibarlılıq — çox vaxt pulsuz plan çərçivəsində.
Necə işləyir?
Domeniniz Cloudflare-ə qoşulduqda ziyarətçilər birbaşa sizin serverinizə deyil, əvvəlcə Cloudflare-in dünyanın müxtəlif şəhərlərindəki serverlərinə müraciət edir. Cloudflare sorğunu yoxlayır, mümkünsə cavabı öz yaddaşından verir, lazım olduqda isə sorğunu sizin serverinizə ötürür. Sayt ziyarətçi üçün əvvəlki kimi açılır — fərq yalnız arxa planda olur.
Nə qazandırır?
- Sürət. Şəkillər, stil və skript faylları ziyarətçiyə ən yaxın serverdən verilir; serverinizin yükü azalır (bax: Core Web Vitals).
- Hücumlardan qoruma. Saytı çoxsaylı saxta sorğularla «boğmaq» cəhdləri (DDoS) serverinizə çatmamış süzülür; şübhəli botlar yoxlanış səhifəsinə yönləndirilir.
- Pulsuz SSL. Ziyarətçi ilə Cloudflare arasındakı əlaqə avtomatik şifrələnir və sertifikat avtomatik yenilənir (niyə vacibdir).
- Serverin ünvanını gizlətmək. Hücumçular əsas serverinizin IP ünvanını asanlıqla görə bilmir.
- Sürətli DNS. Domen qeydləri dünyanın ən sürətli DNS şəbəkələrindən birində saxlanılır, dəyişikliklər tez qüvvəyə minir.
- Statistika. Saytınıza nə qədər ziyarət olduğunu və nə qədər təhdidin bloklandığını görə bilərsiniz.
Nəyə diqqət etmək lazımdır?
- Domenin NS qeydləri Cloudflare-ə yönləndirilməlidir — bu, adətən 24 saata qədər qüvvəyə minir;
- Cloudflare-də SSL rejimi Full (strict) olmalıdır; «Flexible» rejimi server tərəfində şifrələməni söndürür və bəzən sonsuz yönləndirmə xətasına səbəb olur;
- Çox sərt təhlükəsizlik ayarları bəzən real istifadəçiləri və ya faydalı xidmətləri (ödəniş sistemlərinin bildirişləri, axtarış robotları) bloklaya bilər — ayarları dəyişdikdən sonra saytı yoxlayın;
- Keşləmə ayarlarında şəxsi kabinet, səbət və ödəniş səhifələri keşdən çıxarılmalıdır — əks halda bir istifadəçinin məlumatı başqasına göstərilə bilər;
- E-poçt qeydləri (MX) Cloudflare vasitəsilə «proksilənmir» — onlar boz buludla, birbaşa qalmalıdır.
Cloudflare təhlükəsizliyin hamısı deyil
Cloudflare saytı xaricdən gələn hücumların bir hissəsindən qoruyur, amma köhnə plagin, zəif parol və ya ehtiyat nüsxənin olmaması kimi daxili problemləri həll etmir. Ətraflı: Saytınızın təhlükəsizliyi üçün 7 addım.
Tez-tez verilən suallar
Pulsuzdurmu? Əsas imkanlar — CDN, DDoS qoruması, SSL, DNS — pulsuz planda var. Əlavə təhlükəsizlik qaydaları və şəkil optimallaşdırması ödənişli planlardadır.
Sayt dayanacaqmı? Düzgün qoşulduqda, xeyr. Qeydlər əvvəlcədən köçürülür, NS dəyişikliyi isə sayt işləyə-işləyə qüvvəyə minir.
Hostinq müştərilərimizin domenləri Cloudflare DNS və hücumlardan qorunma ilə işləyir. Domeninizi Cloudflare-ə qoşmaq və ya mövcud ayarları yoxlatmaq istəyirsinizsə, müştəri kabinetindən bizə müraciət edin.
Cloudflare qorunması bütün hostinq planlarımıza standart olaraq daxildir: hostinq planları və qiymətlər.



