.az domeni Azərbaycan auditoriyası üçün ən tanış ünvandır: müştəri sizin yerli şirkət olduğunuzu dərhal görür, ünvanı yadda saxlamaq və telefonla diktə etmək də asandır. Domen almaq bir neçə dəqiqəlik iş kimi görünsə də, burada sonradan düzəltməsi çətin olan bir neçə qərar var.
Hansı .az zonasını seçmək?
- sirket.az — birinci səviyyə, ən qısa və ən çox istifadə olunan variant.
- .com.az, .net.az, .org.az, .biz.az, .info.az — ikinci səviyyəli zonalar. İstədiyiniz ad .az-da artıq tutulubsa, alternativ ola bilər.
- .gov.az, .edu.az, .mil.az — yalnız müvafiq təşkilatlar üçündür və qeydiyyat üçün sənədlər tələb olunur.
Bir çox şirkət əsas domendən başqa oxşar variantları da (məsələn, həm sirket.az, həm sirket.com.az) alır ki, rəqiblər və ya fırıldaqçılar onlardan istifadə edə bilməsin.
Addım-addım
- Ad seçin. Qısa, yazılışı asan və şirkətin adına yaxın olsun. Tire və rəqəmlərdən mümkün qədər qaçın: «icode-az.az» kimi adlar telefonla deyiləndə səhv yazılır.
- Azərbaycan hərflərini düşünün. Domen adında ə, ş, ç kimi hərflər adətən latın qarşılıqları ilə yazılır (məsələn, «şəhər» → seher). Müştərinin adı necə yazacağını təxmin edin və lazım olsa, iki variantı da alın.
- Boş olub-olmadığını yoxlayın. İstədiyiniz ad artıq alınıbsa, yaxın variantlara və ya ikinci səviyyəli zonalara baxın.
- Qeydiyyatdan keçirin. Domeni akkreditə olunmuş qeydiyyatçı və ya hostinq şirkəti vasitəsilə qeydiyyatdan keçirirsiniz. Qeydiyyat adətən bir və ya bir neçə illiyə edilir.
- Domeni sayta bağlayın. Domen hostinqə DNS qeydləri ilə qoşulur — adətən bunu hostinq tərəfi edir. Dəyişikliklərin bütün internetdə qüvvəyə minməsi bir neçə saat çəkə bilər.
- Vaxtında yeniləyin. Domen hər il (və ya seçdiyiniz müddətdən sonra) yenilənməlidir. Müddəti keçmiş domeni bir müddət sonra başqası ala bilər.
Domen kimin adına olmalıdır?
Domeni şirkətin və ya özünüzün adına qeydiyyatdan keçirin — saytı hazırlayan proqramçının və ya agentliyin adına yox. Əks halda, əməkdaşlıq bitəndə domeni geri almaq çətinləşə bilər. Əlaqə e-poçtunun aktiv olduğuna əmin olun: yeniləmə xəbərdarlıqları və vacib bildirişlər bu ünvana gəlir.
Tez-tez verilən suallar
Domen aldım, sayt dərhal açılacaq? Xeyr. Domen yalnız ünvandır; saytın özü üçün hostinq və hazırlanmış sayt lazımdır. Domeni ayrıca əvvəlcədən almaq isə məntiqlidir ki, istədiyiniz ad tutulmasın.
.az yoxsa .com? Yalnız Azərbaycanda işləyirsinizsə — .az. Beynəlxalq bazara da çıxırsınızsa, hər ikisini alıb biri digərinə yönləndirilə bilər.
Domenlə birlikdə e-poçt da olur? Domen sizə [email protected] kimi ünvanlar yaratmaq imkanı verir, amma poçt qutuları ayrıca qurulmalıdır.
Bir yerdə həll etmək
Domen qeydiyyatı, hostinq, DNS və saytın qurulmasını bir yerdə həll etmək istəyirsinizsə, xidmətlərimizə baxın və ya kabinetdən bizə yazın. Domenin müddətinə necə nəzarət edəcəyiniz barədə: Domen və SSL müddətinə nəzarət.



